YENİ İL / Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

“Bremen musiqiçilərinin Yeni il şənliyi”
Müzikal dram, xoreqorafiya və opera sənətinin vasitələrinin qarşılıqlı əlaqələrindən istifadə edilərək yaradılan musiqili-səhnə janrıdır. Müzikalı bəzən musiqili komediya da adlandırırlar. Burada musiqi, dialoqlar və mahnılar bir-birini əvəz edir, xoreoqrafiya da eyni zamanda əhəmiyyətli rol oynayır. Bu janrın yaranmasına operetta, komik opera, vodevil janrları çox böyük təsir göstərmişdir. Müzikal həm səhnəyə qoyulması baxımından çətindir, eyni zamanda daha çox madiyyat tələb edən janrdır. İlk muzikal Nyu-Yorkda 1966-cı ildə səhnəyə qoyulub. Bu muzikal “Black Crook” adlanırdı. 20-30-cu illərdə yeni Amerika Bəstəkarlarının –Cerom Devid Kern,Corc Qerşin, Kol Porterin meydana çıxmasıyla müzikl həqiqi mənada yeni boyalar əldə edir. Artıq libretto çətinləşməyə başlayır, ritmlərdə caz və reqtaymın təsiri aydın hiss olunur, mahnılarda tipik amerika musiqi üslubuna xas cəhətlər meydana çıxır. Daha sonralar bu janra bir çox bəstəkarlar müraciət edir. Bu qəbildən olan bəstəkarlar sırasında Gennadi Qladkovu göstərmək olar. Rus-sovet bəstəkarı olan Gennadi Qladkov bir çox kino və telefilmlərə, cizgifilmlərinə, müzikallara musiqi bəstələyib. Ona məşhurluğu isə məhz 1969-cu ildə “Bremen Musiqiçiləri” adlı musiqili cizgifilm üzərindəki işi gətirir. Bu musiqili-fantaziya Qrimm qardaşlarının eyniadlı nağılı əsasında yaradılıb. Qırx il əvvəl tamaşa ekranlara ilk sovet rok-operası kimi çıxmışdı. Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə balaca tamaşaçıların görüşünə məhz bu myuzikalı seçmişdilər. “Bremen musiqiçilərinin Yeni il şənliyi” adlı konsert proqramı dekabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olundu. Konsertdə Uşaq Filarmoniyasının bütün yaradıcı heyəti, rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun kollektivləri iştirak edirdi.Kompozisiya şəklində qurulmuş konsert proqramı heyvanların həyatından bəhs edən “Bremen musiqiçiləri” nağılı əsasında hazırlanmışdı. Yaşlanıb, artıq iş qabiliyyətini itirən ulaq sahibi tərəfindən atılır. Ulaq onunla eyni həyat hekayəsini yaşayan itə, pişiyə, xoruza rast gəlir. Birlikdə musiqi ilə məşğul olmağa razılıq verən nağıl qəhrəmanları gözəl həyat arzusu ilə Bremen şəhərinə yola düşürlər. Bremen şəhəri Almaniyanın əyalətinin payatxtıdır. Yolda müxtəlif çətinliklərdən, maneələrdən keçməli olan personajların yolu meşədən düşür. Burada quldurlara rast gəlirlər. Quldurlara qalib gələn musiqiçi dostlar sonda öz istəklərinə çataraq yaratdıqları ansamblda musiqi ilə məşğul olurlar. Proqrama milli nağıl qəhrəmanımız olan Cırtdan da var idi. Belə ki,divlərə qalib gələn Cırtdan səhnədə görünür, o, əvvəlcəhər kəsi salamlayaraq Azərbaycandan salamlar gətirdiyini qeyd edir. Daha sonra şeir deyir : “Vətənimi çox sevirəm, anam kimi əzizdir. Anama və vətənə məhəbbətim dənizdir. Qorumasaq vətəni qalarıq biz vətənsiz. Yuvasız bir quş kimi ölərik biz vətənsiz.” Ardınca nağaraların canlı müşayiətində tamaşaçılara ovçulardan və ceyranlardan ibarət rəqs təqdim olundu. Paqanininin 24 Nömrəli Kaprisinin sədaları altında təqdim olunan rəqsdən sonra Şaxta Babalar və Qar qızdan ibarət kvartet səhnədə öz çıxışlarını edirlər. Maraqlı səhnə geyimləriylə balacalar nağıl qəhrəmanlarını məharətlə oynayaraq öz kiçik dostlarına bayram hədiyyələrini etdilər. Filarmoniyanın rəqs, xor və vokal qrupunun çıxışları konsertə rəng qatdı. Sonda bütün iştirakçılar Qara Qarayevin “Yeddi gözəl” baletindən Valsın sədaları altında səhnəyə çıxdılar, Şaxta Baba bir daha hər kəsin yeni ilini təbrik etdi, Musiqili Teatrın səhnəsində əsl bayram ab-havası yaşandı.

FOTO QALEREYA