Foto
Foto
  • Ana səhİfə
  • Haqqımızda
  • struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə
  • Ana səhİfə
  • Haqqımızda
  • struktur
  • qalereya
  • AFİŞA
  • əlaqə

Tarİx və haqqında

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmışdır. Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmrilə rəsmiləşdirilmişdir. Filarmoniya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Filarmoniya yerli mədəniyyət orqanları, musiqi məktəbləri, yaradıcılıq ittifaqları və başqa ictimai təşkilatlara sıx əlaqədə fəaliyyət göstərir.
* * * * * * * *
1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Uşaq Filarmoniyası dövlət statusu aldıqdan sonra Oqtay Zülfüqarov Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ilk direktoru təyin olunur. 1993-cü ildən isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışmağa davam edir. Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlmişdir. İlk təhsilini 1 saylı musiqi məktəbində aldıqdan sonra o, A. Zeynallı adına Musiqi Məktəbində daxil olur. Daha sonra isə Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsilini davam etdirir. 1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar bəstələməyə başladı. Eyni zamanda o, “Qız-ulduz”, “Pişik və Sərçə” və “‘Meşə nağılı” operalarını da yazdı. “Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülüb. 2010-2012 illərdə O.Zülfüqarov “Məlikməmməd” nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, “Tumurcuq” və “Aysel” Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə musiqi dərslikləri yazıb. Uzun illər “Tumurcuq” və “Aysel” Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar “Oxuyur Aysel” adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə “Şöhrət ordeni” ilə təltif edilmişdir. Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov 20 ildən çox Dövlət Uşaq Filarmoniyasının bədii rəhbər vəzifasində çalışmışdır. Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat etmişdir.

Dilarə Əliyeva

2012-2025

Fərəh Şəkinskaya

1993-2012

Oktay Zülfiqarov

1991-1993

Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlamışdır. F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilmişdir. 1993-2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etmişdir. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanmışdır. F.Şəkinskaya Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində hər zaman fədakarlıqla çalışmışdır. O, milli mədəniyyətimizin inkişafında olan xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 2016-cı il aprelin 20-də 80 yaşında vəfat etmişdir.


* * * * * * * *

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına 2012-ci ildən 2025-ci il aprel ayına qədər Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva rəhbərlik edib. - Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969-1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975-1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə - xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən başlamışdır. 1980-1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994-2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Orada fəaliyyət göstərdiyi illərdə ən böyük uğurlarından biri olan Uşaq Xor Kapellasının əsasını qoyur. 1997-ci ildə Bülbül adına orta ixtisas məktəbində Dilarə Əliyevanın rəhbərliyi altında “Qız qalası” xoru yaranır. 2000-ci ildən isə bu kollektiv Müslüm Maqomayev adına Dövlət Xor Kapellası nəzdində Uşaq Xor Kapellası adlandırılmağa başlayır. Uşaq Xor Kapellası yarandığı gündən önəmli uğurlara imza atmışdır. Bir çox dövlət tədbirlərində iştirak etmiş, Azərbaycanın adını digər ölkələrdə layiqincə təmsil etmişdir.


* * * * * * * *

Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini,xalq rəqslərini,mahnılarını,muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın,şairlərimizin əsərlərini gənc nəsilllər tərəfindən qoruyub,saxlamaq Filarmoniyanın əsas məqsədidir.Uşaq konsert təşkilatı olaraq geniş konsert və maarifçilik fəaliyyəti aparılır,uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir.

İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Uşaqlarla Respublikanın tanınmış sənətkarları, xalq artistləri, incəsənət xadimləri tədris aparırlar. İstedadlı uşaqlar Beynəlxalq, Respublika festival və müsabiqələrində iştirak edib, laureat adlarını qazanıblar. Dünyanın müxtəlif ölkələrinin, habelə, Fransa, Şotlandiya, İngiltərə, Avstriya, Türkiyə, Rusiya, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin möhtəşəm konsert salonlarında öz məharətlərini yüksək səviyyədə göstəriblər. Eyni zamanda Dövlət tədbirlərinin daimi iştirakçısıdırlar. Belə ki, Bakı 2015 Birinci Avropa Oyunlarında, 2016ci il Formula 1 Azərbaycan Qran prisinin açılış mərasimi, 2107-ci ildə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Filarmoniyanın xor kollektivi iştirak etmişdir. Yüzlərlə uşaq özlərinə sənət seçib,teatr, konsert və musiqi təşkilatlarında çalışır, bir çoxları Musiqi Akademiyasının, Milli Konservatoriyanın, İncəsənət Akademiyasının tələbəsidirlər. Bu gün böyük səhnələrdə çalışan bir çox incəsənət nümayəndələri Dövlət Uşaq Filarmoniyasının yetirmələridir:

Xalq artistlərindən - Rüfət Xəlilov, Zabit Nəbizadə, Aygün Bəylər
Əməkdar artistlərdən - Əliağa Sadıyev, Ramil Qasımov, Səlim Abbasov, Əkbər Ələkbərov, Bəyimxanım Vəliyeva
İfaçılardan - Gülay Zeynalova, Samirə Əliyeva, Ələkbər Əkbərov, Zabıtə Alıyeva.
* * * * * * * *
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Mədəniyyət haqqında Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini əsas tutaraq Filarmoniya Mədəniyyət sahəsində gənc istedadların axtarışı, inkişafı prinsipini daima davam etdirir.



Azərbaycan Dövlət Uşaq Filarmoniyası

(+99412) 436-97-82

ADUF © 2013 • Bütün Hüqüqlar Qorunur

Design & Development by SEED
Foto